3 Kasım 2014 Pazartesi

Təbiət və insan

Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir.
40 ildən artıq Afrika təbiətinin vəhşi aləmi ilə üz-üzə qalan Con Abamson yazır: “İnsan-təbiətin yalnız bir hissəsidir, onun ən ali məhsuludur. Lakin təxminən 5min il bundan əvvəl həmin insan ilk dəfə təbiətə qarşı üsyan etməyə başladı. Həmin təbiətə ki, onu yaşatmış və milyon ildən artıq yedirtmişdir. Beş min il texniki tərəqqi, təbiətin yaratdığı canlılar arasında yeganə ikiayaqlı qiyamçının beş minlik qələbəsi...”
Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu pozulma isə iqlimin qeyri-əlverişli dəyişilə bilməsi kimi qlobal təhlükə ilə nəticələnə bilər.
Fransız alimi C.Dorst qeyd edir ki, Yer kürəsində insanın peyda olması, tarixdə özünü geoloji dövrlərdə heyvanat və bitki aləmində qlobal miqyasda baş vermiş böyük yaradıcı, dağıdıcı və dəyişdirici proses kimi göstərilmişdir.
Akademik V.İ.Vernadski biosferin yenidən qurulmasını, onun yeni vəziyyət almasını yer kürəsində yeni geoloji hadisə adlandırırdı. O yazırdı: “Burada insan ilk dəfə geoloji güc kimi mövcudluğunu göstərir. O, özünün həyat tərzini öz zəhməti və şüuru ilə yenidən qura bilər və qurmalıdır.”
Təəssüflə qeyd etmək lazımdır ki, müasir insanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı surətdə, həm də sürətlə dəyişir.
Bu vəziyyəti Nobel mükafatı laureatı etioloq N.Tinbergen belə xarakterizə edir: “Biz ətraf mühiti o qədər sürətlə dəyişirik ki, bizim genetik şərtləndirilmiş əxlaqi uyğunlaşmağımız bu qədər kəskin kökündən dəyişmə ilə ayaqlaşa bilmir. İnsanın genetik təkamülünü sürətləəndirmək və onu bəzən dəhşətli olan bu dəyişkənliklərə uyğunlaşdırmaq bizim gücümüzün imkanları daxilində deyildir. Bizim yeganə ümidimiz-bu yeni mühiti idarə etməyi öyrənməkdən ibarətdir.”
Biosferin vəziyyəti onun tərkib hissəsi olan hava, su, torpaq, eləcə də flora-fauna, landşaft və iqlimin fiziki parametrləriilə xarakterizə olunur. Bu komponentlərdən hər birinin insan faliyyəti nəticəsində dəyişməsi bütünlüklə biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu, bir daha sübut edir ki, antropogen amillərin əsas kriteriyası onun qlobal olmasıdır.
İnsanın biosferə təsiri üç əsas halda özünü göstərir.
Birinci hal – kor təbii antropogen təsirdir. Buna misal sənaye kompleksləri tərəfindən çirkləndirici maddələrin təbii mühitə atılmasını göstərmək olar.
İkinci hal – təbiətin imkanlarından istifadə etməklə, təbiətə əsaslı, lakin məqsədli təsir etmədən biosferin elementlərini dəyişdirməsini misal göstərmək olar.
Üçüncü hal – təbii imkanlardan istifadə etməklə təbiəti şüurlu surətdə əsaslı və irimiqyaslı dəyişdirmək-məqsədli təsir göstərməyi misal göstərmək olar.
Göstərilən qarşılıqlı əlaqə hallarının müxtəlif pozitiv effektləri olsa da, bütünlüklə onlar təbiətdə mənfi nəticələrə səbəb olur: bəzi hallarda isə bel dəyişikliklər yalnız mənfi xarakter daşıyır.
Şübhəsiz ki, sənayeləşməyə, texniki inkişafa biosferin inkişafını potensial ləngidən amillər kimi baxılmamalıdır. Təbii mühitin pisləşməsi və ekoloji tarazlığın pozulması hallarına sənayeləşmiş cəmiyyətin ümumi strategiyasının qaçılmaz nəticəsi kimi baxmaq olmaz və bu – texniki səhvlərin olması və texniki inkişafın lazımi səviyyədə olmaması ilə əlaqədardır.
Antropogen təsirlər praktiki olaraq onun bütün hallarında biosferdə təbii tarazlığa təsir edir, onu dəyişdirir. Bu dəyişmələrin bəziləri təbii fluktuasiya fonunda az nəzərə çarpandır, bəziləri isə artıq çox böyük ölçülərə çatmışdır ki, bunların da bir hissəsi dönməz xarakterlidir. Həmin dəyişmələr istər insan üçün, istərsə də təbiətin özü üçün həm xeyirli (bioloji məhsuldarlıq artır, biosenozların cavanlaşması baş verir), həm də zərərli (ətraf mühitin çirklənməsi,bərpa olunmayan ehtiyatların tükənməsi, bərpa olunan ehtiyyatların təkrar təbii bərpası imkanlarının və öz-özünü tənzimləmə xassələrin zəiflənməsi) xarakter daşıyır.
İnsanın təbiətə təsiri-hansı təsirin təbii sistemlərə mənfi, hansının isə müsbət təsiri baxımından analizi akademik S.S.Şvarsa imkan vermişdir ki, o, sənayeləşmənin yaratdığı bəzi ümumi dəyişmələri biosferin inkişafının potensial əlverişli amili kimi xarakterizə etsin. Göstərilir ki, antropogen fəliyyət nəticəsində CO2-nin atmosferdə artması yüksək məhsuldarlı bioloji sistemlərin formalaşmasına gətirir; antropogen təsir ekosistemlərdə enerji mübadiləsini artırır, bu isə biosferin cavanlaşmasına səbəb olur. S.S.Şvarsa görə, urbanizasiya və sənayeləşmə proseslərinin təsiri altında gedən biosenozların sadələşməsi, onların cavanlaşması, qida zəncirində ayrı-ayrı halqaların dəyişilməsi, heyvanların ilkinc üzvi maddələrin destruktorları kimi rolunun artması-bütün bunlar biosferin deqradasiyası deyil, onun yeni şəraitdə təkamülüdür.
İnsanın onu əhatə edən mühitə təsirinin xarakteri və miqyası onun biosferdəki vəziyyətinin ikili olması ilə müəyyən edilir. Bir-tərəfdən, insan-dövretmənin ümumi sisteminə daxil olan bioloji obyekt kimi qarşılıqlı trofik və energetik təsirin və adaptasiyanın mürəkkəb sistemi mühiti ilə zəruri əlaqədədir. Bu əlaqələr sistemində insan-aerob tipli mübadiləsi olan bir fərd kimi, heterotrof konsument-polifaq həyat statusu daşıyır. Digər tərəfdən, cəmiyyət-mühit qarşısında texniki, məişət və mədəni ehtiyaclarından irəli gələn elm, texnika və mədəniyyət artdıqca daha proqressivləşən geniş profilli qeyri-bioloji tələblər qoyan yüksək inkişaf etmiş sosial sistemdir. Bunun nəticəsində təbii ehtiyatların istifadə miqyasları insanın sırf bioloji tələbatını əhəmiyyətli dərəcədə üstələyir. Bununla əlaqədar bioloji ehtiyatların istismarının artırılması zəruriliyi qarşıya çıxır və nəticədə təbii trofik əlaqələr pozulur, dövriyyəyə qayıtmayan üzvi maddənin miqdarı getdikcə artır.
İnsanın sosial-texnii tələbatı ətraf mühitdən biogen dövriyyəsinə daxil olmayan və müvafiq ilkinc vəziyyətinə qayıtmayan və bərpa olunmayan maddələri ayırıb mənimsəməklə baglıdır. Bərpa olunmayan ehtiyatlar problemi belə yaranır. Həmçinin, biogen və abiogen maddələrin bir çox texnoloji emalı məhsulları da spesifik bioloji destruktorları olmadığından dövriyyəyə qoşulmur; onlar parçalanmırlar və biosferin çirkləndiriciləri kimi toplanırlar.
Göründüyü kimi, biosferin çirklənməsi, prinsif etibarilə, bilavasitə müasir təsərrüfat formasının nəticəsidir. Ətraf mühitə atılan bir çox məhsulların toksinliyi təbii bioloji sistemlərin strukturunu və funksiyasını pozur, axır nəticədə isə insan həyatının bioloji şəraitini dəyişməklə onun yaşayış tərzini pozur və beləcə kritik situasiya yaranır: sosial sistem olan insan bioloji resurslara nisbətən daha geniş fəaliyyət göstərir və bununla da təkamül prosesində tarazlaşmış bioloji dövriyyəni tarazlıq halından çıxarır.
Məlumdur ki, fəlakətlə nəticələnən təbiət hadisələri, həmin yerin coğrafi şəraitindən, tarixi, sosial və iqtisadi inkişafından asılıdır. Dəhşətlisi odur ki, təbii fəlakətlər iqtisadiyyata xeyli maddi ziyan vurmaqla insanları daima qorxu altında saxlayır.
Bu gün katastrofik – faciə, fəlakət, qəza – termini sosial-iqtisadi məna daşıyır və ilk öncə əhali arasında həlak olanların sayını və dəyən maddi ziyanı xarakterizə edir. Son 20 ildə dünyanın müxtəlif regionlarında təbii fəlakətlər 3 milyon insanın ölümünə səbəb olmuşdur. Ümumiyyətlə isə bu fəlakətlərdən 800 milyon adam zərər çəkmişdir.
Statistik təhlil göstərir ki, yer üzərində təbii fəlakətlərin sayı çox yüksəkdir: hər ay 20-50 hadisə qeydə alınır. Keçən əsrin 20-ci illərində 14 güclü qəza hadisəsi baş vermişdir, 80-ci illərdə isə onların sayı 70-ə çatmışdır, yəni 5 dəfə artmışdır.
Dinc, müharibəsiz keçən illərdə iqtisadiyyata və insanların sağlamlığına ciddi zərər vuran fəlakətlərin baş verməsi hava şəraiti ilə bağlıdır. Belə ki, 1970-1996-cı illər arasında baş verən 40 ən ağır faciələrdən 15-i hava şəraiti ilə əlaqədar olmuşdur. Ümumdünya Meteoloji Təşkilatının verdiyi məlumata görə, bu dövrdə 515 min insan ölmüş və ya itkin düşmüşdür, o saydan 300 min nəfər 1970-ci ildə banqladeş üzərindən tropik siklonun keçməsi nəticəsində həlak olmuşdur.
Təbii fəlakətlər arasında sellər daha təhlükəli və daha əhatəlidir. Sellərin yaranması, əsasən, çox güclü leysan yağışların yağması və qar örtüyünün sürətlə əriməsi ilə əlaqədar baş verir. Güclü sel hadisələri Qərbi Avropanın və ABŞ-ın dağlıq rayonlarında, xüsusilə Los-Anceles zonasında, Cənubi Amerikada, Yaponiyada, Orta Asiya, Qafqaz, Karpat dağlarında və başqa yerlərdə müşahidə olunur.
XX əsrdə dünyanın ayrı-ayrı regionlarında yüzlərlə dağıdıcı gücə malik sel hadisləri baş vermişdir. Xüsusilə dəhşətli sel hadisələri 1963-cü ildə buzların əriməsi və sürüşməsi nəticəsində Alatau dağlarının mərkəzi hissəsində müşahidə edilmişdir. Bu zaman selin gətirdiyi bir neçə milyon kub metr həcmində müxtəlif materiallar az vaxtda İssık gölünü doldurmuşdur. 1965-ci ildə Fərqanə vadisində və 1967-ci ildə Şimali Qafqazda əmələ gələn sellər nəticəsində bir neçə milyon kub metr bərk material gətirilmişdir. Həmçinin, 1971-ci ildə Baykal-Amur magistralında dəmir yolları dağıdılmışdır.
Dünyada 1990-1996-cı illərdə 22 faciəli daşqınlar baş verib ki, bunun da hər birində 1000 nəfərə qədər insan tələf olmuş, 1 milyard ABŞ dolları həcmində maddi ziyan dəymişdir. ən dağıdıcı subasma 1991-ci ildə Banqladeşdə olmuşdur. Bu zaman 140 min adam ölmüşdür. Çində 1996-cı ildə daşqınlar zamanı ölkəyə ən böyük ziyan-26,5 milyard ABŞ dolları qədər ziyan dəymişdir. Bu ölkədə ən güclü daşqınlar 1998-ci ildə müşahidə olunmuşdur. Həmin daşqın Yantszı çayında 1954-cü ildən sonra ən dəhşətli daşqın idi.
Mütəxəssislər qeyd edirlər ki, bu və ya digər regionda qısa vaxt ərzində subasmaların təkrar olunması adi hal kimi qəbul edilməlidir. Məsələn, Cənubi Koreyada 1995-ci ilin iyul-avqust aylarında 68 adamın ölümünə və 15 milyon ABŞ dolları maddi ziyana, bir ildən sonra-1996-cı ildə yenidən 67 adamın ölümünə və 1,7 milyard ABŞ dolları maddi ziyana səbəb olan fəlakətli subasmalar baş vermişdir. Bir neçə aydan sonra, su ilə bağlı digər fəlakət- uzunmüddətli quraqlıq bu ölkəni təlatümə gətirmişdir. Başqa bir misal: 13 ay ərzində dekabr 1993-yanvar 1995-ci illərdə Avropanın ən nəhəng çayı olan Reyn çayı iki dəfə daşmışdır.
Fəlakət doğuran daşqınların əksəriyyətinin baş verməsinə güclü, bəzi hallarda isə tropik siklonlarla müşayiət olunan yağışlar, tufan və yə mussonlar səbəb olur.
Dünyanın bir çox ölkələri daşqınların, subasmaların, sellərin təhlükəsini həmişə yaşamalı olurlar. Keçən əsrin 90-ci illərində Afrika fəlakət gətirən daşqınlarla üz-üzə qaldı: 1990-cı ildə Tunisdə, 1991-ci ildə Malavidə, 1994-cü ildə Misirdə, 1993-cü ildə Cənubi Amerikada daşqınlardan yüzlərlə insan ölmüş, yüzlərlə milyon ABŞ dolları zərər dəymişdir. Hətta, quraq regionlarında, məsələn, Yəmənin subasmalara məruz qalmaması istisna deyildir.
XX əsrin son onilliyində baş verən daşqınlar nəinki ümumi ziyana görə, həm də suyun səviyyəsinin qalxmasına, yəni geofiziki xarakteristikaya görə də əvvəlkilərdən dəhşətlidir. Məsələn, Polşada baş verən sonuncu subasması rəsmi statidtika, ölkənin minillik tarixində ən nəhəng və ən dəhşətli təbii fəlakət kimi göstərmişdir. Həmçinin, 2000-ci ildə dünyanın müxtəlif regionlarında baş verın güclü daşqınlar çoxlu sayda insan tələfatına və böyük dağıntılara səbəb olmuşdur. Lakin nəinki iqlimin dəyişməsi, həm də insan fəaliyyətinin bir çox sahələri daşqınların baş vermə təhlükəsini artırır. Meşələrin kütləvi qırılması, urbanizasiya və çayların məcrasının dəyişdirilməsi suyun akkumulyasiya imkanlarını azaldır ki, bu da yağmurlar və su axını maksimumları arasındakı vaxtın qısalması ilə nəticələnir.
XX əsrin son 90 ili ərzində buzlaqlardan ayrılan su axını 200-250 kub km artmışdır. Bu göstərici okeanın su kütləsinin XX əsrdə ümumi artımının 40%-ə qədərini təşkil edir. Gələcəkdə gözlənilən qlobal istiləşmə, çox güman ki, buzlaqların azalması və dünya okeanın həcminin və səviyyəsinin artması yönümündə davam edəcəkdir.
Bəzi proqnozlara görə, XX əsrin 20-ci illərində Qafqazda və Orta Asiyada yağmurların miqdarı, 100-150 mm artacaq, yanvar ayında orta temperatur 7-8 C yüksələcək, iyunda isə temperatur dəyişməz qalacaqdır. Lakin bu regionlarda yağmurların artması ilə istiləşmə bir-birilərini tənzimləyəcəklərindən yaxın 50 ildə narahatlıq doğuran hadisələrin baş verməsi gözlənilmir.
Statistika göstərir ki, XXI əsrin əvvəlləri əsl mənada sellər və daşqınlar dövrü kimi xarakterizə oluna bilər. Təkcə bir ay-2002-ci ilin avqust ayı qlobal miqyasda analoqu olmayan təbii fəlakətlər ayı olmuşdur. Aramsız yağan leysan yağışlar nəticəsində Avropa xüsusilə ciddi zərər çəkmiş və iflic vəziyyətinə düşmüşdür. Avqust ayının 10-20-i arasında güclü yağan yağışlar nəticəsində Avstriya, Almaniya, İtaliya, İspaniya, Çexiya, Macarıstanın əksər şəhərləri su altında qalmışdır. İspaniyadan Fransaya gedən dağ yolları bağlanmış, nəqliyyatının hərəkəti dayanmışdır. İtaliyada yağıntının aylıq norması bir neçə dəfə artaraq Roma şəhərini iflic vəziyyətinə salmışdır. Şəhərin küçələrində suyun səviyyəsi 80-100 sm-ə çatmışdır. Hava limanlarında uçuş-enmə zolaqları su altında qaldığından şəhərlə hava əlaqəsi də kəsilmişdir. 
Çexiyada daşqınların pik nöqtəsində Vitaxa çayın səviyyəsi 8 m-ə çatmışdır. Sonrakı günlərdə səviyyə 5 m-ə qədər aşağı düşərək 2,5-3 m arsında olmuşdur. Həmin günlər Çexiyada vəziyyət ağır olaraq qalmışdır, Deçin və Terezin şəhərləri su altında idi. Daşqınlar nəticəsində Çexiyanın şimalında uzunluğu 20 km, eni isə 8 km olan göllər əmələ gəlmişdir. Buna oxşar vəziyyəti həmin günlərdə Almaniyanın Drezden şəhəri də yaşadı. Son məlumatda deyilirdi ki, Elba çayının səviyyəsi Drezden şəhəri yaxınlığında 9,5 m-ə çatıb. Halbuki avqust ayında Elbada suyun səviyyəsi 2 m-dən artıq olmur. Sonuncu bu cür böyük daşqın isə 1845-ci ildə olmuş və o zaman Elbanın səviyyəsi 8,77 m-ə çatmışdır.
Təbii fəlakətlər digər Şərqi Avropa ölkələrində də insan tələfatına və dağıntılara səbəb olmuşdu. Bu cəhətdən Macarıstan, Slovakiya, Ukrayna, eləcə də Rusiya xeyli zərər çəkmişdir. İnsantələfatı ilə müşayiət edilən güclü subasmalar və daşqınlar Hindistanda və Çilidə müşahidə olunmuşdur.
Avropanı bürüyən güclü yağışlar həmin dəhşətli avqust günlərində Rusiyanın bir sıra yerlərində dağıntılar törətdikdən sonra siklonların Qafqaz və ətraf regionlarda fəallaşması qeydə alınmışdır. Güclü yağışların yağması nəticəsində Azərbaycan Şəki, Qax və Qəbələ rayonlarının çaylarnda daşqınlar baş vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətindən verilən məlumatlara görə, Gurmuxçay, Bumçay, Kişçay, Dəmiraparançay və bir sıra başqa çaylarda suyun səviyyəsi xeyli artmış, küçə və evlər su altında qalmış, insan tələfatı baş vermişdir. Azərbaycanda 2003-2004-cü illərdə güclü və uzun sürən yağışların yağması, dağlara düşən böyük miqdarda qarların əriməsi nəticəsində Kür çayı öz məcrasından çıxmış, çaysahili ərazilərdə yerləşən bir neçə şəhəri su basdığından yüzlərlə ev dağılmış, insanlara külli miqdarda ziyan dəymişdir.
Təbii fəlakətlərin qlobal mənada artması tendensiyası getdikcə stabil xarakter almaqdadır. Məsələn, Çinin Yantszı çayı 1911-ci ildən indiyə kimi mütəmadi olaraq ciddi dağıntı və insan tələfatı ilə müşayiət olunan daşqınlar əmələ gətirir.
Sel hadisələri əsasən iki qrupa bölünərək proqnozlaşdırılır:
I – coğrafi proqnozlaşdırma, bu iki hissədən ibarətdir: a) ərazinin potensial sel əmələ gəlmə hadisəsinin keyfiyyətcə qiymətləndirilməsi; b) hidrometeoroloji şəraitin kəmiyyətcə qiymətləndirilməsi.
II – sel regionlarında mühitin öyrənilməsi metodları, ərazinin mühafizə tədbirlərinin həyata keçirilməsi, layihələşdirmə və hidrotexniki qurğuların inşa edilməsi.
Sel hadisələrinə qarşı əsasən üç mühafizə əməliyyatından istıfadə olunur:
1 – iqtisadi və texniki tədbirlərin təşkili
2 – meşə örtüyünün qorunması, qarın əriyib sel əmələ gətirmə dövründə suların təhlükəsizləşdirilməsi
3 – eroziyalara qarşı terrasların yaradılması
    Sivilizasiyanın inkişafı ilə əlaqədar antropogen fəlakətlər və qəzalar fenomeninin artması ilə paralel davam edir ki, bunların da ekoloji nəticələri getdikcə daha geniş əraziləri əhatə etdiyindən təhlükəli xarakter alır.
Dünyada çox böyük sayda qəzalar baş verir. Belə ki, təkcə ABŞ-in qəza situasiyalarının monitorinqi ilə məşğul olan bir firması tərəfindən yalnız 1997-ci ildə 300 milyon qəza hadisəsi qeydə alınmışdır ki, bunun da illik artımı 12-14 milyon qəzaya bərabər olmuşdur.
Real həyat göstərir ki, elmi-texniki proqres nəinki istehsalatda rentabelliyin artmasına, həyat şəraitində maddi bazanın yaxşılaşmasına səbəb olur, o, həm də özündə çoxlu təhlükələr gizlədir. Bular isə ən əvvəl mürəkkəb mühəndis sistemləri və qurğularından istifadə edildikdə özünü göstərir. Buna misal Çernobılda (Ukrayna), Bxopaledə (Hindistan), Bazeldə (İsveçrə) və digər regionlardə baş verən qəzaları göstərmək kifayət edər.
İlk baxışda elə təsəvvür yaranır ki, Yer kürəsinin müxtəlif yerlərində baş verən bu qəzalar arasında heç bir bağlılıq yoxdur. Lakin bu belə deyildir. əslində isə bunların baş verməsində ümumi səbəblər var. Hadisələrin ümumi prinsiplərini belə xarakterizə etmək olar: istehsalatın və xidmət sahəsinin müasir texnika ilə zənginləşməsi texniki qurğuların və insan səhvlərinin kəskin artması ilə müşayiət edilir. Bu halda hətta çoxsaylı təkrar istehsalat sistemləri və təhlükəsizliyi təmin edən digər vasitələrlə təchiz edilmiş kifayət qədər təkmil avadanlıqların belə mütləq etibarlı olmasına zəmanət verilmir.
Əksər texnogen qəzaların baş verməsinə səbəb olan metodoloji səhvləri üç qrupa bölürlər.
1 – partlayışlar;
2 – uçmalar, dağılmalar;
3 – təbii şəraitlə bağlı olan ekoloji faciələr.
Ekoloji qəzalara insan fəaliyyətinin qeyri-komponentliyi nəticəsində, məsələn, tikintidə təbii şəraitlə əlaqədar olan qəzalar aid edilir.
Bir qayda olaraq, nəhəng texniki sistemlərin sayının və mürəkkəbliyinin artması onların qəzaya uğraması təhlükəsini artırır, eləcə də sənaye və enerji obyektlərində aqreqatların gücü və ərazi sıxlığı artdıqca qəzaların sayı da artır.
Antropogen təsirin gücü partlayış və yanma təhlükəsi olan yüklərin, radioaktiv və kimyəvi aqressiv məhsulların emalı və daşınması ilə bağlı sənayenin ayrı-ayrı sahələrində, energetikada, nəqliyyatda özünü daha kəskin göstərir. Belə ki, əgər son 35 ildə kimya sənayesində məhsul istehsalının gücü və həcmi dünyada 10 dəfə artmışdısa, həmin müəssisələrdə qəzaların sayı da 10 dəfə artmışdır. Baş verən qəzaların miqyası da getdikcə artmaqda davam edir. Dünyanın nəhəng kimya müəssisələrində 1959-1978-ci illərdə baş verən 7 böyük qəza nəticəsində 739 min adam həlak olmuş, 2milyon 647 min adam yaralanmış və 18 milyon nəfər evakuasiya olunmuşdur. Sonrakı 13 qəzada 1979-1986-cı illərdə 3,9 mindən artıq adam ölmüş, 4,8 min yaralanmış və 1 milyon nəfər qəza yeindən köçürülmüşdür.
ABŞ-da 1980-1985-ci illərdə kimya sənayesində 2 minə qədər, o saydan Qərbi Virciniyada yerləşən “Union Carbid” karporasiyasının yalnız bir zavodunda 130 qəza hadisəsi baş vermişdir. Həmçinin, Hindistanın Bxopale şəhərində yerləşən və bu kompaniyaya məxsus olan bir zavodda baş verən qəza hadisəsi kimya sənayesi tarixində ən dəhşətli qəza olmuşdur. Bu qəzanın nəticəsində 3 mindən artıq insan ölmüş, 20 min əlil olaraq iş qabiliyyətini itirmiş, 200 mindən çox adam isə uzun sürən xəstəliyə tutularaq qaz zəhərlənməsindən əziyyət edir. Qəzadan əziyyət çəkən 100 minlərlə adam hələ də zəiflikdən, depressiyadan, gecə sayıqlamalarından dinclik tapa bilmir. Qəzanı yaşamış ailərərdə bu gün də xəstə, zəif immunitetli, eybəcər uşaqlar dünyaya gəlir.
Radiasiya çirklənmələri ilə bağlı olan qəzaların nəticələri xüsusilə təhlükəlidir. Bu cəhətdən ən çox narahatlıq doğuran AES-lərdir. Son vaxtlar isə AES-lərdə qəzalar tez-tez baş verir.
İngiltərənin AES-lərindən birində (Wind Skade) 1957-ci ildə qəza nəticəsində 13 nəfər adam həlak olmuşdur, 1986-cı illərdə Çernobıl qəzasında isə 30 nəfər ölmüş, 200 min ömürlük şikəst olmuş, 115 min nəfər başqa yerə köçürülmüşdür. Sonradan məlum olmuşdur ki, qəzanın miqyası göstərilənlərindən ən azı 10 dəfə çoxdur.
Ekoloji qəzaların böyük bir qrupunu neft emalı sənayesində baş verən qəzalar təşkil edir. Dünyada hər il bu sahədə təxminən 60-65 qəza hadisəsi baş verir ki, bu da 100-150 insan həyatını məhv etməklə bərabər 100 milyon dollar maddi ziyan vurur. Təəssüf doğura haldır ki, qəzaların baş vermə tezliyi ildən-ilə artır. Təkcə ABŞ-da 1950-1980-ci illərdə qəza situasiyalarının  sayı 2,6 dəfə, ölüm sayı 6 dəfə, insanlara dəyən maddi ziyan isə 11 dəfə artmışdır.
Avtomobil qəzaları nəticəsində dünya yollarında hər il 300 mindən artıq insan tələf olur, 8 milyondan çox müxtəlif dərəcəli xəsarətlər alır.
Təhlükəli maddələrin saxlanmsı və emalının dağıdıcı potensialı da olduqca yüksəkdir. Məsələn, yalnız energetika sahəsində 10 milyard şərti yanacaq-yanmaq və partlamaq xassəsi olan müxtəlif yağlar emal edilir. Zəhərli kimyəvi birləşmələr: mışyak, fozgen, ammiak trilyon letal dozalar həcmində saxlanılır və daşınır.
Qəzaların tipindən, formasından asılı olmayaraq onlar mahiyyət etibarı ilə biosfer üçün xüsusilə də hidrosfer üçün olduqca təhlükəlidir. Bu cəhətdən ekoloji qəzalar daha böyük narahatlıq doğurur, çünki bu cür qəzalardan sonra su ekosistemlərində ekoloji tarazlıq pozulur və uzun zaman bərpa olunmur.
Çox böyük miqyaslı olan meşə yanğınları planetin ekoloji tarazlığını pozmaqla ciddi təzadlar yaradır. Meşələr karbonun və suyun dövr etməsində mühüm rol oynayır, meşə yanğınları isə bu həyati prosesləri pozur.
Yanma nəticəsində atmosferə çoxlu miqdarda müxtəlif kimyəvi birləşmələr, ən əsası isə karbon atılır. Bundan başqa, yanğının məhv etdiyi meşə atmosferdə olan və əvvəllər bitkilərin böyüməsinə sərf olunan min tonlarla karbon artıq istifadə olunmur.
Yer kürəsinin hər hansı bir ərazisində karbonun konsentrasiyasının artması bu əraziyə günəş enerjisinin düşməsini azaldır. Beləcə meşə yanğınlarının əmələ gətirdiyi təzadların ekoloji nəticələri bütün digər yanğınlardan daha təsirlidir.
Yanğınlar meşə fondunun ekoloji və resurs potensialını azaldır, meşə ekosistemlərinə, torpağın üst qatına dağıdıcı təsir göstərir, yanma məhsulları ilə atmosferi və suyu çirkləndirir. Radionuklidlərlə çirklənmiş meşələrin yanması xüsusi həyəcan doğurur, çünki həmin maddələr sonradan böyük məsafələrə aparılaraq çirklənmiş regionlarda yağmurlarla yerə düşə bilərlər.
Meşə yanğınlarına məruz qalmış ərazilərdə ekosistemlər pozulur, suksessiya (orqanizmin yaşadığı yerdə şəraitin müntəzəm dəyişməsi) nəticəsində biosenozda orqanizmlərin növ tərkibi dəyişdiyindən az məhsuldar antropogen landşaftlar əmələ gəlir.
Qeyd etmək lazımdır ki, nəinki meşə yanğınları, hətta hər hansı yanğın növü yalnız ekoloji ziyan gətirir. Məsələn, 1991-ci ildə Küveytdə neft buruğunda baş verən partlayış zamanı əmələ gələn yanğın nəticəsində atmosferə təxminən 200 min ton karbon atılmışdır. Yanğının episentrindən ayrılan tüstü Küveytdən min km-dən də artıq məsafədə müşahidə edilmişdir. O zaman dünyanın müxtəlif regionlarında əmələ gələn quraqlıqları, su basmaları və tullantıları məhz bu yanğınların nəticəsi kimi qəbul edirlər.
Ümumiyyətlə, meşə yanğınlarından yaranan ekoloji itkilər olduqca böyükdür. Hesablamalar göstərir ki, bir milyon hektar sahədə yanmış meşələr karbonun balansına görə yalnız 5 qat həcmdə yeni meşələrin salınması ilə kompensasiya oluna bilər.
         Bu barədə Avropa alimlərinin gəldiyi nəticələr böyük narahatlığa səbəb olub. Belə ki, insanları narahat edən qlobal istiləşmə problemi ilə bağlı alimlər yeni faktlarla üzləşiblər. Qlobal istiləşmənin əsas səbəblərindən biri kimi atmosferə parnik qazlarının axınının güclənməsini müşahidə edən alimlə 2020-ci ilə kimi havanın temperaturunun artacağı qərarına gəliblər. Avropanın iki məşhur universiteti – İsveçrə və Böyük Britaniya universitetlərinin klimatoloq alimlərinin gəldikləri nəticələr həddən artıq pessimist qərar olub. Maraqlıdır ki, bu alimlər qrupu kompyuterləşdirilmiş sistemə əsasən iqlim xəritəsinin dəyişəcəyi ideyasını irəli sürürlər. Ötən əsrdə havanın orta temperaturunun təxminən 0,60 S istiləşdiyini qeyd edən alimlər hazırda planetdə yağışların azalması və buzlaqların əriməsi proseslərinin intensivləşdiyini və bu proseslərin gələcəkdə də davam edəcəyini göstərirlər. Alimlər iqlim modellərini araşdıraraq prosesin hələ başlanğıc mərhələdə olduğunu qeyd ediblər. Bern universitetinin alimləri, başda məşhur klimatoloq Reto Knitti olmaqla 25 min iqlim şəraitini müşahidə edərək onların dəyişmə amplitudunu dəqiqləşdiriblər. Onun ingilishəmkarları isə 1996-cı illə müqayisədə 2020-ci ildə temperaturun orta hesabla 0,3-1,30 S artacağı qərarına gəliblər. Hər iki alimlər qrupunun gəldikləri qənaətə görə, əgər insanlar bunun qarşısının alınması üçün müvafiq tədbirlər görməsələr, onda 2040-cı ilə qədər qlobal istiləşmə kəskin surətdə artacaq, bu isə əsl fəlakətin başlanğıcı olacaqdır.  

Hiç yorum yok :

Yorum Gönder