Geomorfologiya yer səthinin relyefini,
onun quruluşunu, mənşəyini, inkişaf tarixini və dinamikasını öyrənən elmdir.
Geomorfologiyanın ümumi, regional və tətbiqi olmaqla üç əsas bölməsi vardır.
Ümumi geomorfologiya relyefin
əmələgəlməsinin, inkişaf tarixinin və dinamikasının ümumi qanunlarını öyrənir.
Regional geomorfologiya yer
səthinin müəyyən hissəsində relyefin mənşəyi, inkişaf tarixi və sistemli
təsviri ilə məşğul olur.
Tətbiqi geomorfologiya, insan
cəmiyyətinin istehsalat və təsərrüfat fəaliyyətindən müxtəlif formada və
müxtəlif məqsədlərlə istifadə etməsi ilə əlaqədar olaraq öyrənir.
Relyef
dedikdə, yerin bütün kələ-kötürlüklərinin məcmuyu nəzərdə tutulur.O,
müxtəlif istiqamətli daxili
(endogen) və xarici (ekzogen) geoloji proseslərin yer qabığına təsiri nəticəsində yaranır. Həm də bu və ya digər prosesin
üstünlük təşkil etməsi, onun davamiyyəti və coğrafi zonallığı əsas rol oynayır.
Əgər endogen proseslər ( tektonik və vulkanik ) yer səthində ilkin müsbət və mənfi formalar əmələ gətirir.
Beləliklə, Yerin relyefi fasiləsiz
dəyişir: yuyulur, parçalanır, hətta bəzən ilkin formalar tamamilə məhv olur və
yeni relyef formaları meydana gəlir. Yer səthi relyefinin bu cür dəyişməsinin
endogen və ekzogen proseslərlə yanaşı, insanın təsərrüfat fəaliyyətinə də mühüm
təsiri vardır.
Relyefin
formaları. Yer səthində inkişaf etmiş bütün relyef formaları endogen və
ekzogen qüvvələrin qarşılıqlı təsirinin məhsulu olub, müsbət və mənfi, sadə və
mürəkkəb olmaqla planetar relyef, meqarelyef, makrorelyef, mezorelyef,
mikrorelyef və naporelyef kateqoriyalarına ayrılır.
Planetar
relyef – tektonik mənşəli olub, bir planet kimi Yerin zahiri görünüşünü
müəyyənləşdirən yer səthinin ən iri elementlərini – materikləri və okeanları
əhatə edir.
Meqarelyef
- əsasən tektonik mənşəli olub, materiklərin və okean diblərinin ən iri
formalarını – dağ sistemlərini, materik düzənliklərini, yaylalarını, platoları,
okeanaltı dağları, çökəklikləri və s. əhatə edir.
Makrorelyef
– yüzlərlə və minlərlə kv.km sahəni tutan yer səthi relyefinin iri
elementlərini – ayrı-ayrı dağ silsilələrini, dağarası çökəklikləri, dərələri ,
okean və dəniz dibi düzənliklərini, qalxmaları və s. iri relyef formalarını
əhatə edir və əsasən tektonik mənşəlidir.
Mezorelyef
– on kv. km-dən çox olmayan sahəni tutan kiçik ölçülü, dərinə getdikcə zəif
parçalanan nisbi hündürlüyü az olan formaları – təpələri, alçaq dağ tirələrini,
qalıq yüksəklikləri, qobuları, iri karst qıflarını, iri akkumulyativ formaları
( barxan ) əhatə edir və əsasən ekzogen mənşəli olur.
Mikrorelyef
– bu relyef formaları ekzogen proseslər nəticəsində əmələ gəlib, mezorelyef
formalarının səthini mürəkkəbləşdirən kiçik ölçülü relyef formalarını- karst
qıflarını, erozion çuxurları, sahil vallarını və s. əhatə edir.
Naporelyef
– ekzogen proseslər nəticəsində əmələ gələn çoix kiçik formalardır, makro-,
mezo-, mikroformaların səthini mürəkkəbləşdirən erozion şırımları, kiçik
çuxurları, kiçik eol formaları əhatə edir.
Relyef formalarının bu kateqoriyaya
bölünməsi nisbi xarakter daşıyır və təbiətdə bunlar arasında kəskin sərhəd
yoxdur.
Relyefin
tipləri. Yer səthi üçün relyefin səciyyəvi tipləri vardır: bunlar relyef
formalarının müəyyən birləşməsidir, yer səthinin geniş sahələrində qanunauyğun
surətdə təkrar olunur, oxşar mənşəyi və geoloji quruluşu, bir tipli inkişaf
tarixi vardır. Relyef üç tipə ayrılır: düzənlik, təpəlik və dağlıq.
Düzənliklər insan üçün əlverişli
sahələrdir Burada insanın fəaliyyəti olduqca genişdir. İnşaat işləri,
meliorasiya və inşaat qurğularının tikilməsi belə sahələrdə olduqca geniş
miqyasda aparılır.
Düzənlik
relyef – qurunun düz və ya zəif dərə-təpəli geniş sahələridir. Dəniz
səviyyəsindən hündürlüyünə görə düzənliklər – ovallığa ( hündürlüyü dəniz
səviyyəsindən 200 m-dən artıq olmur. ), yüksəkliyə ( 200...500 m hündürlükdə )
və yaylaya ( hündürlüyü dəniz səviyyəsindən 500 m-dən artıqdır) ayrılır.
Səthinin quruluşuna görə düzənliklər
yastı, meylli, çökək və qabarıq olur.
`
Parçalanma ( dərə-təpəliyə ) dərəcəsinə
görə üç tip düzənlik vardır : zəif parçalanmış, orta dərəcədə parçalanmış və
intensiv parçalanmış.
Düzənliklər mənşəyinə görə üç qrupa
bölünür : struktur, akkumulyativ və denudasion.
Təpəlik
relyef – yüksəkliklərin ( nisbi hündürlüyü 200 m-dən çox olmayan təpələr )
və çökəkliklərin ( dərə və çuxurlar ) növbələşməsindən ibarət yer səthidir.
Dağlıq
relyef – dağların üstünlük təşkil etdiyi relyefdir. Dağlıq relyef öz mənşəyinə
görə tektonik, vulkanik və erozion səciyyəli olur.
Relyefin tektonik formaları yer
qabığının hərəkəti prosesində yaranır. Bunlar iri formalar olub, yerin əsas
relyefini əmələ gətirir ( dağ silsilələri, düzənliklər, okean çökəklikləri və
s. ).
Relyefin erozion və akkumulyativ
formaları zaman keçdikcə öz şəklini dəyişir.
Erozion formalar axar suların yuyucu
fəaliyyəti ilə əlaqədardır ( atmosfer , çay, yeraltı sular ). Bunlara dərələr,
yarğanlar, şırımlar və s. aiddir.
Struktur
düzənliklərin əmələ gəlməsi Yerin hər hansı bir hissəsində tektonik
hərəkətlərin təsiri və sahənin geoloji quruluşu ilə əlaqədardır. Bəzən vulkanların
püskürdüyü lava böyük sahələri örtərək belə
düzənliklər (məsələn, Orta Sibir yayla-
sı ) yarada bilər. Sibir
platformasındakı trapp formasiyası geniş sahələri əhatə edərək məhz belə
düzənliklər yaratmışdır. Eynilə trapp formasiyaları Afrika və Hindistanda
(
Dekan yaylası ) struktur tipli düzənliklər əmələ gətirmişdir.
Akkumulyativ
düzənliklər dənizdə və quruda çöküntü materiallarının toplanması
nəticəsində yaranır. Düzənlikləri təşkil edən çöküntülərin mənşəyindən asılı
olaraq dəniz, allüvial, allüvial-prolüvial, buzlaq və s. düzənliklər bölünür.
Allüvial
düzənliklər çayların akkumulyasiya fəaliyyəti nəticəsində
yaranıb, çay çöküntülərindən təşkil olunur. Buradakı mikrorelyef çay vadilərinə
xas olan xarakterik cəhətləri özündə cəmləşdirir. Bəzən bulaqlara, göllərə,
bataqlıqlara da təsadüf edilir.
Denudasion
düzənliklərdə ana süxurlar, adətən, üzə çıxır, bəzən isə az dərinlikdə yerləşir. Belə
düzənliklər denudasion proseslər ( abraziya, eroziya və s.) nəticəsində
hamarlanma hesabına əmələ gəlir. Denudasion proseslərin növündən asılı olaraq
bunlar abrazion və erozion düzənliklərə ayrılır.
Dəniz
akkumulyativ düzənlikləri vaxtilə dəniz dibi olub , sonradan dəniz altından
çıxmış düzənliklərdir. Xəzəryanı düzənlik belə düzənliklərə ən səciyyəvi misal
ola bilər. Bu düzənliklərdə dəniz çöküntülərinin qalınlığı bəzən 500 m-ə çatır.
Onlar burada geniş sahəni əhatə edir.
Akkumulyativ-löss düzənlikləri
Russiyanın Avropa hissəsinin cənubunda, Ukraynada, Orta Asiyada geniş sahələri
tutur. Bəzi alimlərə görə, akkumulyativ-löss düzənliklərinin əmələ gəlməsi
sonradan gətirilən tozların ( qumların ) çökməsi hesabına yaranır. Təsvir
etdiyimiz düzənliklərdə löss kütlələri hamar səthlər əmələ gətirir.
Allüvial-prolüvial
düzənliklər, adətən, dağətəyi maili düzənlikləri təşkil edib, yaxşı
çeşidlənməmiş qarışıq çay ( gətirmə konusu çöküntülərindən ) flüvioqlasial,
bəzən də delüvial çöküntülərdən təşkil olunur.
Göl
düzənlikləri keçmiş göllərin dibinə müvafiq gəlib həmin göllərdən suyun
axması və ya göl çökəkliklərinin çöküntülərlə dolması sayəsində yaranır. Bu
düzənliklər laylı göl çöküntülərindən əmələ gəlir, ölçülərinə görə isə, adətən,
əvvəlki düzənliklərdən kiçik olur.
Vulkanik
yaylalar ( platolar ) vulkan püskürməsi ( lava) nəticəsində relyefin bütün
nahamarlıqlarını örtərək lava platosu yaradır. Şimalı Amerikada Kolumbiya
bazalt platosunu, Azərbaycanda Qarabağ vulkanik yaylasındakı İşıqlı, Minkənd,
Kamallı və başqa platoları buna misal göstərmək olar.
Dağlıq
relyef tipinə Dağlıq ( yəni nisbi hündürlüyü 500 m-dən çox olan formalar )
relyefin üç əsas növünü misal göstərə bilərik: tektonik, erozion və vulkanik.
Dağları belə bölgü ilə yanaşı, mütləq hündürlüyünə görə kateqoriyaya ayırırlar:
1) yüksək dağlar,
2) orta hündürlükdə dağlar,
3) alçaq dağlar
Yüksək dağlar kateqoriyasına, adətən,
mütləq hündürlüyü 2000 m-dən çox olan dağlar ( silsilələr, zirvələr, uçurumlar)
daxildir.
Orta hündürlükdə dağlar kateqoriyasına
mütləq hündürlüyü 1000...2000 m olan dağlar daxildir.
Alçaq dağlar kateqoriyasına isə 500...
1000 m hündürlükdə dağlar aiddir.
Tektonik
dağlar yer qabığında gedən mürəkkəb tektonik hərəkətlərin (qırışıq, qırılma
ilə müşayihət olunan hərəkətlər ) məhsuludur.
Vulkanik
dağlar, adından göründüyü kimi, vulkanların fəaliyyəti nəticəsində meydana
gəlmişdir. Belə dağlar Yer kürəsinin mütəhərrik vilayətlərində yaranır.
Dənizlərdə və okeanlarda da ada şəklində belə vulkanik tipli dağlara rast
gəlmək olar. Onların varlığı dəniz dibində baş verən vulkanların fəaliyyəti ilə
bağlıdır.
Erozion
dağlar qədim akkumulyativ düzənliklərin yarılması və pozulması hesabına
əmələ gəlir. Eroziya bazisindən yuxarıya qalxan qədim akkumulyativ düzənliklər
pozulur və eroziyaya uğrayır.
Hiç yorum yok :
Yorum Gönder