24 Ekim 2014 Cuma

Xəzər dənizinin öyrənilməsi

         
Xəzər dənizi
Xəzər dənizi Azərbaycan Respublikası tarixi-coğrafiyasına, təbiətinə və müasir iqtisadi həyatına önəmli təsir göstərir. Ona görə də bu unikal dəniz-gölün öyrənilməsi respublika xəzərşünaslarının daim diqqət mərkəzindəolmuşdur.
   Xəzərin planlı və ardıcıl öyrənilməsinin əsasını professor Q.K.Gül qoymuşdur. Onun rəhbərliyi altında Xəzərəaid geniş tədqiqat işləri aparılmış və çoxsaylı elmi əsərlər yazılmışdır. 1972-ci ildə Xəzərin açıq hissəsində tərpənməz özül üzərində dünyada birinci olaraq dəniz observatoriyasıyaradıldı.Bu observatoriyanın təşkilində, ümumiyyətlə Xəzərin bir sıra yeni problemlərinin tədqiq olunmasında T.M.Tatarayevin əvəzsiz xidmətləri olmuşdur. 
     Müxtəlif adlar və tabeçiliklər altında fəaliyyət göstərən və nəhayət 1988-ci ildən yenidən Azərbaycan EA Coğrafiya İnstitutuna verilən «Xəzər dənizi problemləri mərkəzi» dənizin hərtərəfli öyrənilməsinin əsl qərargahı rolunu oynamağa başladı. Bu mərkəzdə: Xəzərin rejimi, axımları, temperaturu və duzluluğun şaquli və üfüqi istiqamətdə paylanması, səth və daxili dalğaları atmosferlə dənizin qarşılıqlı təması, bioloji aləmi, dənizdəki təsərrüfat fəaliyyətinin hidrometeoroloji və ekoloji şəraiti və s. müntəzəm olaraq öyrənilirdi. 
     Sinoptik iqlim baxımından Xəzərin rayonlaşdırılması, onun üzərində hava şəraitini yaradan atmosfer prosesləri, küləklərin qruplaşdırılması və s. Ə.A.Mədətzadə tərəfindən öyrənilmişdir. 
    Ölkə xəzərşünasları dəniz səviyyəsinin tərəddüdləri və onun başlıca amillərinin tədqiq olunmasında yaxından iştirak edirlər. Belə tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Xəzərin səviyyə tərəddüdləri 80-90 faiz hidroklimatoloji 10-20 faizi isə geoloji və antropogen amillərlə bağlıdır. 79Xəzərin axınlarının daxili strukturunu, onda baş verən pulsasiyaların ölçülməsi işlərini ilk dəfəR.M.Məmmədov tədqiq etmişdir. Onun Xəzərlə bağlı son illər hazırladığı bir sıra beynəlxalq əhəmiyyətli layihələr  həyata keçirilmişdir. 
     Xəzərin dibinin relyefi, Abşeron yarımadasının, cənubi Xəzərin Azərbaycan sahillərinin geomorfologiyası və dinamikası ətraflı öyrənilmiş və rayonlaşdırılması aparılmışdır. Ümumiyyətlə, Xəzər dənizinin sahillərinin formalaşmasında təbii amillərin rolu təhlil edilmiş və morfometriyası öyrənilmişdir. (N.Ş. Şirinov, A.İ.Xəlilov, N.M.Mehdiyev, X.Ə.Əliyev, R.X.Priyev). N.Ş.Şirinovun, X.Ə.Vəliyevin, Q.Q. Əliyevin, «Xəzərin, onun sahillərinin təbiəti və ekologiyası» (Bakı, 1998) kitabında Xəzərin mənşəyi, təbiəti, sahillərinin relyefi və onda baş verən dəyişikliklər, dəniz və sahillərinin ekologiyası ətraflı tədqiq edilmişdir. 
 Xəzər dənizinin ekoloji vəziyyətinin öyrənilməsi istiqamətində son illər aparılan tədqiqatların, hazırlanan layihələrin sayı xeyli artmışdır. Dənizin neft məhsulları, fenol və digərləri ilə çirklənməsinin paylanması təsnifatı verilmiş, Azərbaycanın sahil zonasına axıdılan çirkab sularının miqdarı və tərkibi haqqında ətraflı məlumat toplanıb  təhlil edilmişdir (N.M.Ağalarova). 
     Xəzərin öyrənilməsində aerokosmik metodların tətbiqi xeyli genişləndirilib və dəqiq hesablamaların sayı artmışdır.

Hiç yorum yok :

Yorum Gönder